Digital SAT oxuma və yazma bölməsindən necə yüksək bal ala bilərəm?

Digital SAT oxuma və yazma bölməsindən necə yüksək bal ala bilərəm?

Digital SAT oxuma-yazı və riyaziyyat bölmələrindən ibarət olub, müvafiq bölmələr üzrə tələbələrin bacarıqlarını qiymətləndirən və universitetə qəbul prosesində mühüm rol oynayan bir imtahandır. Bəzən tələbələr imtahanın hər hansı bölməsi üzrə müəyyən problemlərə malik olur ki, bu da öz növbəsində onun ümumi balına mənfi təsir göstərir. Bu yazıda, Digital SAT oxuma və yazma bölməsi üzrə daha yüksək bal əldə etmək üçün izləyə biləcəyiniz əsas addımları təqdim edəcəyik. Məqsədinizə çatmaq üçün izləyəcəyiniz bu addımlar, həm bilik səviyyənizi artıracaq, həm də imtahanın formatına uyğun hazırlaşmağınıza kömək edəcəkdir. 

Vaxtınızı düzgün dəyərləndirin və disiplinli olun

Əgər hər hansı imtaha hazırlaşırsınızsa, vaxtınızın sonsuz olmadığını anlamalısınız və adımlarınızı vaxt itkisinə yol verməyəcək şəkildə tənzimləməlisiniz. Aşağıda bəhs olunacaq addımlar, yalnız sizin effektiv disiplin və vaxtı idarə etmə bacarığına malik olduğunuz halda imtahan nəticəniz üçün yararlı ola bilər. Məhz buna görə də, SAT üçün ayırdığınız hər saat sizin üçün məhsuldar olmalıdır və həmin müddət ərzində siz, ən çox inkişaf etdirməli olduğunuz hissələri taparaq, onların üzərində işləməlisiniz.

Zəif cəhətlərinizi tapın və təkmilləşdirin

SAT oxuma və yazma bölməsində uğur qazanmaq yalnız nəzəri biliklərə əsaslanmır, eyni zamanda, testin formatı və suallarının çətinliklərinə uyğun strateji hazırlıq tələb edir.  Məsələn, çox yaxşı qrammatika bilikləriniz ola bilər, amma mətnin əsas fikrini tapmaqda çətinlik çəkirsiniz. Bəlkə də yeni sözlər və ifadələr üzərində çox yaxşı işləyirsiniz, amma cümlə strukturunu başa düşməkdə və ya mətni analiz etməkdə çətinlik yaşayırsınız. Bu səbəbdən ən çox çətinlik çəkdiyiniz bacarıqları müəyyən edib bu zəifliklər üzərində davamlı məşq etmək yüksək bal toplamaq üçün çox vacibdir. Güclü tərəfləriniz üzərində dayanaraq zəif tərəflərinizi gözardı etməyiniz sizin uğursuz nəticə ilə üzləşməyinizə səbəb ola bilər. Etməli olduğunuz, güclü tərəflərinizi qüvvədə saxlayaraq, əsas diqqəti zəif olduğunuz hissələrə yönləndirmək və onları möhkəm hala gətirməkdir. 

 

İmtahanda sizi nəyin gözlədiyindən əmin olun

İmtahana tam şəkildə hazır olmaq üçün, orada sizi nələrin gözlədiyini və hansı sitausiya ilə qarşılaşacağınızı bilmək olduqca önəmlidir. İmtahanda ən çox rast gəlinən sual tiplərini bilmək və onların üzərində dayanmaq sizə yardım edəcəkdir. Məsələn, imtahanda durğu işarələri mözvusunun digər bütün dil bilgisi mövzularından daha tez-tez imtahana düşdüyünü bilmək sizi daha yaxşı istiqamətləndirə bilər. Məhz buna görə də, əsas olan bütün kitabı öyrənmək yox, lazım olan hissələri effektiv şəkildə öyrənərək tətbiq etməyi bacarmaqdır. Unutmayın ki, SAT yalnız biliklərinizi deyil, daha çox bacarıqlarınızı test etmək üçün təşkil olunub.

 İmtahan mühiti ilə daha yaxşı tanış olmaq üçün sınaq imtahanlarında iştirak etmək olduqca önəmlidir. Sınaq imtahanlarında siz, hansı bacarığınızın zəif olduğunu öyrənərək onun üzərində işləyə bilərsiniz. Eyni zamanda siz, imtahan stressi ilə bağlı problemlərinizi də həll edə, düzgün vaxt idarəsini də öyrənə bilərsiniz.  Vaxtla bağlı testlər üzərində nə qədər çox məşq etsəniz, bir o qədər effektiv olarsınız. Bu yolla siz, həqiqi SAT imtahanına girdiyiniz zaman, vaxtınızı düzgün idarə etməyi və vaxt bitməmişdən əvvəl 54 sualı cavablandırmağı daha yaxşı bacararsınız.

 

Səhvərinizi tapın və üzərində işləyin

İmtahanda etdiyiniz hər səhvin bir səbəbi var və bu səbəbi başa düşmədən, həmin səhvləri təkrarlamağınız qaçılmazdır. SAT oxuma və yazma bölməsində, xüsusilə 400-600 bal aralığında olan tələbələr, səhvlərini nəzərdən keçirməyərək səhvə yol verirlər. Çünki səhvlərlə üzləşmək və onları düzəltmək üçün həll yolu axtarmaq bəzən çətin və yorucu ola bilir. Lakin, bu yanaşma uzun müddətə uğursuzluğa səbəb olur. Əksər tələbələr səhvlərini araşdırmadan, sadəcə yaxşı olduqları hissələrə fokuslanmağa meylli olur, məsələn, mətnlər arası əlaqə tipli sualları həll etməkdən daha çox məmnun qalırlar. Amma bu, yalnız müvəqqəti rahatlıq təmin edir və uğursuz nəticəyə gətirib çıxarır

Əslində, imtahanda hər hansı bir sualda çətinlik yaşadığınızda, onu ətraflı şəkildə nəzərdən keçirmək və səbəbini anlamaq çox vacibdir. Hər bir səhvi analiz etmək, o səhvi təkrarlamamaq üçün ən yaxşı yoldur. Sualları doğru cavablandıra bilmədiyiniz zaman, ilk növbədə həmin səhvin səbəbini başa düşməlisiniz. Məsələn, oxuma suallarında, səhv cavab verdiyinizdə, hansı iki cavab variantı arasında qaldığınızı və niyə səhv seçimi etdiyinizi müəyyən etməlisiniz. Yazma suallarında isə, hansı dil qaydasının doğru şəkildə tətbiq edilmədiyini və ya hansı mövzuda qarışıqlıq olduğunu anlamalısınız.

Hər səhv üçün bir analiz apararaq, səhvlərinizi necə düzəldəcəyinizi yazmaq və həmin səhvləri unutmamaq üçün bir gündəlik tutmaq çox faydalıdır. Gündəlikdə, səhvlərinizin səbəbini, gələcəkdə bu səhvləri necə aradan qaldıracağınızı və bu səhvləri düzəltmək üçün hansı konkret addımları atacağınızı qeyd edin. Bu, yalnız nəticələrinizi yaxşılaşdırmağa deyil, həm də özünüzə qarşı daha şüurlu və sistemli bir yanaşma inkişaf etdirməyə kömək edəcəkdir.

 Bundan əlavə, sınaq imtahanlarında qarşılaşdığınız suallar arasında 10% belə əmin olmadığınız hər bir sualı qeyd edin və daha sonra nə üçün əmin olmadığınızla bağlı araşdırma aparın. Sınaq zamanı səhv cavablandırdığınız sualları da qeyd edərək eyni səhvi təkrarlamamaq üçün həmin sualların əhatə olunduğu mövzuları da möhkəmlənidrməlisiniz.

Əgər səhvlərinizi araşdırmazsınızsa və yalnız ümumi bir şəkildə davam edirsinizsə, vaxt itkisinə yol verirsiniz. Lakin, səhvlərinizə qarşı strukturlaşdırılmış və şüurlu yanaşma göstərsəniz, hər bir yanlış cavabla bərabər həm də niyə o səhvi etdiyinizi başa düşəcəksiniz. Bu da uzun müddətdə imtahanda daha yüksək bal toplamağınıza kömək edəcək.

Sürətinizi artırın

SAT oxuma-yazı bölməsi sizdən 64 dəqiqə ərzində 54 sualı (yəni 60 yaxın mətni) nəzərdən keçirərək düzgün cavablandırma aparmağınızı tələb edir. Bunu bacarmaq üçün isə siz, dərin oxuma qabiliyyətinizi inkişaf etdirməli və sürətli şəkildə vacib məlumatları doğru yolla tapmağı bacarmalısınız. İmtahana hazırlaşarkən istifadə edə biləcəyiniz çoxsaylı oxuma strategiyaları imtahanda sizə yardımçı ola bilər. Məsələn, hər bir sözü mükəmməl başa düşməyə çalışmaq yerinə, mətnin başlanğıcı, nəticəsi və paraqraflar arasındakı əlaqələrə daha çox diqqət yetirə bilərsiniz və qalan hissəni nəzərdən keçirə bilərsiniz. Başqa tələbələr isə əvvəlcə sualları oxumağın onlara lazım olan əsas məlumatları tapmaqda kömək etdiyini düşünürlər. Hər kəsin fərqli yanaşmaya sahib olduğunu nəzərə alaraq dyeə bilərik ki, tələbələr fərqli startegiyalar öyrənməli və özlərinə ən uyğun strategiya seçməlidirlər.

 

 

Yalnız söz əzbərləməyə fokuslanmayın

Nə üzərində çalışacağınızı bilmək qədər, nə qədər çalışmalı olduğunuzu bilmək də vacibdir. Bir çox tələbə hazırlıq müddətinin böyük hissəsini söz ehtiyatının genişləndirilməsinə sərf edir. Tələbələr unutmamalıdır ki, imtahanın fokus nöqtəsi söz bazasını yoxlamaq yox, həmin sözün məhz sual daxilindəki cümlədə və ya mətndə istifadəsini anlamağı yoxlamaqdır. Bu səbəbdən, sözlərin sadəcə mənalarını öyrənmək deyil, onları müxtəlif kontekstlərdə necə düzgün başa düşəcəyinizi inkişaf etdirmək daha faydalıdır. 

Lazım gəldikdə yanlış cavabı çıxarmağı yoxlayın

Bəzən imtahanda doğru cavab ağlınıza gəlməyə bilər, bu zaman səhvləri tapmaq üçün seçim prosesini istifadə etməyə çalışın. Bu, seçimlərinizi ən azından bir və ya iki seçim daraltmağa kömək edəcək. Əgər həqiqətən heç bir fikriniz yoxdursa və ya bir cavab üzərində çox vaxt sərf edirsinizsə, bu anda ən azından müəyyən bir təxmin etməyiniz mümkündür. Sadəcə doğru cavabların qiymətləndirilməsi, yanlış cavabla ballarınızı itirməməyiniz deməkdir.Buna görə də sualı boş buraxmaqdansa, yanlış sualları çıxararaq daha az variant arasında düzgün seçim etməyə çalışmaq daha məqsədəuyğundur.

Davamlı şəkildə oxuyun

Hər gün və davamlı oxumaq, oxuma və anlama bacarıqlarınızı artırmaq üçün çox vacibdir. SAT oxuma və yazma bölməsi yalnız ingilis dili ədəbiyyatına aid yazı parçalarından ibarət deyil. Bölmə həm də sizə elmi, tarixi və arqumentasiyaya əsaslanan qeyri-bədii mətnlər təqdim edir.

Fərqli yazı üslublarına adaptasiya olmaq üçün müxtəlif janrlarda materiallar oxumaq çox faydalıdır. Məsələn, elmi məqalələr, tarixi mətnlər və fikir mübahisələri oxumaq, sizin oxuma bacarıqlarınızı daha da zənginləşdirəcəkdir. Bu fəaliyyət, eyni zamanda oxuma sürətinizi artırmağa və imtahan zamanı müxtəlif mövzular və üslublar arasında daha rahat keçid etməyə kömək edəcək.

Oxuma bacarıqlarınızı qiymətləndirmək daha çətin olsa da, mütəmadi və davamlı oxuma yolu ilə bu bacarıqları inkişaf etdirmək mümkündür. Bacarıqlı oxucu olmaq, SAT oxuma bölməsində uğur qazanmağın əsas şərtidir. Oxuduğunuz mətnlərin sayı və müxtəlifliyi nə qədər çox olarsa, imtahanda o qədər hazırlıqlı olacaqsınız.

Digital SAT oxuma və yazma bölmələrində daha yüksək bal toplamaq üçün yuxarıda qeyd olunan addımların sizi daha güclü bir namizədə çevirəcəkdir. Bu yanaşmalar, bilik və bacarıqlarınızı real imtahan şəraitində effektiv şəkildə tətbiq edərək uğurlu nəticə əldə etməyinizə kömək edəcəkdir. Qeyd olunan strategiyaların səbr və disiplinlə yerinə yetirilməsi sizi uğura aparacaq əsas amildir.

 

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir