SAT ballarınızı necə yüksəldə bilərsiniz?

SAT ballarınızı necə yüksəldə bilərsiniz?

SAT istək və əzm tələb edən bir imtahandır. Buna görə də, hazırlığa başlamazdan öncə məqsədinizin nə olduğunu dərk etməlisiniz ki, bu prosesə təhsil və karyerayla bağlı planlama da öz təsirini göstərir. İmtahanda uğur qazanmaq üçün ilk olaraq müəyyən hədəflərə və istəyə malik olmaq lazımdır. Bu mərhələdən sonra artıq imtahana hazırlıq mərhələsinə keçid etmək olar. Hazırlıq müddətində diqqət etməli olduğunuz bir neçə nüans var: 

1.Araşdırın

Hədəf qoymazdan əvvəl mütləq SAT imtahanı barəsində araşdırmalar edərək imtahan haqqında detallı bilgilər əldə edin. Bundan əlavə müraciət etmək istədiyiniz universitetlər, onların qəbul şərtləri və yerləşdiyi şəhər barədə də araşdırmalar edin. Bu araşdırmalar tam olaraq nə istədiyinizi anlamağa və bu istəyinizi gerçəkləşdirmək üçün plan cızmağa yardım edəcək.

Bundan əlavə imtahanda tələb olunan ingilis dili və riyaziyyatla bağlı bacarıqların hal-hazırda nə qədərinə sahib olduğunuzu da təyin edin. Bu, sizin imtahana hazırlıq üçün nə qədər vaxt ayıracağınıza və hansı bacarıqları təkmilləşdirməli olduğunuzu təyin etməyə yardım edəcək.

2.Hədəf təyin edin

Araşdırmalar sonrasında əldə etdiyiniz nəticələrə əsasən hədəf təyin edin. İmtahana nə vaxt daxil olacağınızı, əldə etmək istədiyiniz yekun nəticəni, hansı ölkədə və universitetdə təhsil almaq istədiyinizi hədəfləyin. Hədəf təyin etmədən hərəkətə keçməsəniz sonda qarşılaşağınız nəticə böyük ehtimalla uğursuzluq olacaq.

3.Planlı və davamlı çalışın

İmtahan nəticəsinə təsir edən əsas faktorlardan biri də planlı və davamlı çalışmaqdır. Yüksək nəticə əldə etmək istəyən hər bir tələbə qurduğu plana sadiq qalaraq davamlı çalışmalı, dil və riyazi biliklərini inkişaf etdirmək üçün təkrar təkrar tapşırıqlar yerinə yetirməlidir. Xüsusilə dil biliyinin unudulmaması üçün hər gün öz üzərinizdə işləməli və bacarıqlarınızı inkişaf etdirməlisiniz. Bu müddət ərzində etdiyiniz səhvlərin üzərində təkrar-təkrar çalışaraq nəticə çıxarmalısınız. Disiplindən yayınmaq hazırlıq boyu qazandığınız biliklərin unudulmasına və ya tam olaraq mənimsənilməməsinə səbəb ola bilər. İmtahana vaxtaşırı və qeyri-ciddi şəkildə hazırlaşaraq yüksək nəticə əldə edə bilməzsiniz.

4.Dəstək alın

Hazırlıq mərhələsində dəstəyə ehtiyac duyduqda müxtəlif resurslarla birgə, SAT kurslarına və ya xaricdə təhsil mərkəzlərinə müraciət edə bilərsiniz. Yolunuza ingilis dili və riyaziyyat üzrə ixtisaslaşmış müəllimlərlə davam etməyiniz hazırlıq mərhələsini sizin üçün asanlaşdıra bilər ki, bu da öz növbəsində sərf olunan zamana və yekun nəticəyə öz təsirini göstərəcəkdir.Amma unutmamaq laızmdır ki, hər bir halda yekun nəticə sizdən, imtahana necə yanaşmağınızdan da asılıdır.

5.Sınaq imtahanlarında iştirak edin

Sınaq imtahanları sizin imtahan mühitiylə yaxından tanış olmağınıza və imtahan müddətində qarşılaşa biləcəyiniz müxtəlif çətinlikləri aşkarlamağınıza yardımcı ola bilər. Bundan əlavə sınaq imtahanı vaxtı necə idarə etdiyinizi, hansı bacarıqlara daha çox fokuslanmalı olduğunuzu, stressin idarə olunmasında nə dərəcədə uğurlu olduğunuzu təyin etməyə şans verir.

6.İmtahan vaxtı

İmtahana hazırlıq qədər imtahan zamanı yaranan istənilən situasiyaya uyğunlaşmaq da nəticəyə birbaşa öz təsirini göstərir. İmtahan zamanı əsas məsələlərdən biri fokuslanmaqdır ki, bu bacarığa artıq hazırlıq mərhələsində yiyələnmiş olmalısınız. Suallara diqqətlə yanaşaraq onları cavablandırmaq üçün fikrini bir yerə toplamaq olduqca önəmlidir. Fokuslanmaqla bərabər vaxt bölgüsünün düzgün aparılması da uğur faizinizə təsir edəcək əsas faktorlardan biridir.

İmtahan nəticəsinə ən çox təsir edən və bəzi hallarda tələbələr üçün problem yaradan faktorlardan biri də stresslə bağlıdır. Bəzən tələbələr kifayət qədər biliyə malik olsalar da, imtahan zamanı yaranan stress onların bütün bacarıqlarının önünə keçərək yekun nəticəni məhv edir. Məhz buna görə də, tələbələr imtahana hazırlıq zamanı bu faktoru da nəzərə almalı və bunun üzərində işləməlidirlər.

İstənilən fəaliyyətdə uğura gedən yol müəyyən bir məqsədə malik olub, onun üçün dərin istək və əzmlə çalışmaqdan keçir. Yuxarıda sadalanan hər bir addım sizin hədəfinizə düzgün şəkildə irəliləməyiniz və sonda yüksək nəticə əldə etməyiniz üçün olduqca önəmlidir. Hədəfinizi təyin edərək doğru strategiya və düzgün seçimlərlə SAT imtahanından əldə edəcəyiniz nəticənin uğur faizini yüksəldə bilərsiniz.