İngilis dili dünyəvi dil olmaqla yanaşı insanlar üçün həm təhsil həm də iş həyatında əhəmiyyətli status daşıyan bir amildir.Günümüzdə İngilis dili ilə bağlı bacarığa sahib olmaqla bir çox beynəlxalq imtahanda iştirak edə, iş həyatında üstünlük qazana bilər və əcnəbilərlə rahatlıqla ünsiyyət quraraq əhatənizi genişləndirə bilərsiniz. Bəs İngilis dilini effektiv şəkildə öyrənməyiniz üçün hansı addımları izləməlisiniz? Bu suala 5 əsas addımdan bəhs edərək cavab vermək olar.
1-Məqsədinizdən əmin olun
İngilis dilini nə üçün öyrənmək istəyirsiniz? Xaricdə təhsil və ya beynəlxalq imtahanlar üçün, karyeranızda irəliləmək üçün yoxsa səyahət zamanı asanlıqla ünsiyyət qura bilmək üçün? Bu və bunun kimi bir çox məqsəd əsasında dil öyrənmək istəyə bilərsiniz. Əsas olan həmin məqsədi əminliklə təyin etməyiniz və bu amala çatmaq üçün mövcud olan istəyinizdir. Məqsədinizin real və əlçatan olmasına eyni zamanda sizin üçün daim motivasiya qaynağı olacağından əmin olun. İstənilən işdə olduğu kimi, dil öyrənmə prosesində də əvvəlcədən hər hansı hədəfə malik olmaq öyrənmə müddətində sizə yardımcı olacaq və bu müddət ərzində fəaliyyətinizi həmin hədəfə uyğunlaşıdrmağınıza səbəb olacaq.
2-İngilis dilində məqalələr, kitablar oxuyun
Bir dili yaxşı bilmək üçün onu həyatınızın bir parçasına çevirməlisiniz və gündəlik fəaliyyətlərin bir qismində ona da yer verməlisiniz. Dil öyrənərkən üzərində çalışmalı olduğunuz bacarıqlardan biri oxuma bacarığıdır. İngilis dilində oxuduğunuzu anlamaq və məzmunu analiz edə bilmək olduqca əhəmiyyətlidir. Günümüzdə ingilis dilində minlərlə resurs- ingilis dilində satılan kitablar, ödənişli və ödənişsiz şəkildə əldə edə biləcəyiniz pdf formatında kitablar, məqalələr, xəbər saytları, müxtəlif kateqoriyalara aid öyrədici məqalələr təqdim edən veb-saytlar və s. mövcuddur. Bu resurslardan gündəlik istifadə edərək həm oxuma bacarığınızı inkişaf etdirə, həm də söz bazanızı genişləndirə bilərsiniz. Unutmayın ki, sözləri yadda saxlamağın ən yaxşı yolu onları praktika zamanı öyrənməkdir.
3-Dinləməyə üstünlük verin
Dil öyrənmə prosesində bütün bacarıqların inkişaf etdirilməsinə diqqət etmək lazımdır. Lakin dinləmə bacarığına sahib olmaq xüsusi əhəmiyyət kəsb edir. İngilis dilində səsli şəkildə ötürülən hər hansı informasiyanı effektiv şəkildə anlayaraq dərk etmək dili mənimsəmək üçün olduqca vacibdir. Gün ərzində ingilis dilində filmlər izləyərək, podcastlara qulaq asaraq dinləmə bacarığınızı inkişaf etdirə bilərsiniz. Dinləmə dil öyrənmə prosesi üçün açar rol oynayaraq həm də danışığınıza da təsir göstərir. Gün ərzində həyata keçirdiyiniz bir çox fəaliyyəti ingilis dilində həyata keçirə bilərsiniz. Məsələn musiqi dinləməyi sevirsinizsə playlistinizə ingilis dilində mahnılar əlavə etməyə başlayın, film izləyərkən ingilis dilinə üstünlük verin, maraq dairənizə uyğun podcastlar kəşf edin. Beyninizə dilə öyrəşərək onu mənimsəməsinə icazə verin. Əgər hər hansı bir imtahanda iştirak edəcəksinzsə həmin imtahan strukturuna uyğun da dinləmələr üzərində məşq etməyiniz önəmlidir.
4-Yazı və danışıq bacarığını da unutmayın
İnsanların istifadə etdiyi ünsiyyət formalarından biri də yazı olduğu üçün özünüzü ifadə edərkən yazı bacarığına da ehtiyac duya bilərsiniz. Məhz bu səbəbdən, İngilis dilində fikirlərinizi düzgün ardıcıllıqla effektiv şəkildə ifadə edə bilməlisiniz. Bunun üçün daim yazı bacarığınızın üzərində işləməli, söz bazanızı genişləndirməli və qrammatik tərəfdən də biliyinizi artırmalısınız. Bundan əlavə hər hansı esse və ya başqa formada məqalə yazarkən idea yaratmağı bacarmalısınız. Unutmayın ki, nə qədər güclü dil biliyinə malik olursanız olun, ideanız yoxdursa, məqalənizin heç bir cəlbedici tərəfi ola bilməz.
Danışığa gəldikdə isə, bir dili öyrənərkən ən çox sahib olmaq istədiyimiz və çoxumuza çətin gələn bacarıqlardan biri hesab oluna bilər. İngilis dilində danışa bilmək üçün yuxarıda sadalanan bacarıqları gözardı etməməli və daim bu dildə digər insanlarla ünsiyyətdə olmalısınız. Bunun üçün müxtəlif tətbiqlərdə dünyanın müxtəlif tərəfindən insanlarla səsli şəkildə danışa və ya danışıq klublarına qoşularaq bu bacarığınızı inkişaf etdirə bilərsiniz.
5-Qrammatikadan qaçmayın
Yuxarıda sadalanan ünsiyyət vasitələrindən istifadə edərək düzgün struktura malik şəkildə fikir bildirmək istəyirsinizsə, sözsüz qrammatika ilə də tanış olmalısınız. Əksər tələbə qrammatikanı yalnız qaydalar və testlər vasitəsilə öyrəndiyi üçün qaydalar ya onların yaddaşında qalmır, ya da ondan düzgün şəkildə istifadə edə bilmirlər. Prosesin sonunda isə öyrənməkdən bezmək və dil öyrənməkdən soyumaq qaçılmaz hal alır. Qrammatikanı mənimsəmək üçün onları praktikada, məsələn, yazı yazarkən, danışarkən istifadə etməlisiniz. Bu zaman həm beyniniz qrammatik qaydalarla dolmayacaq, həm də bu qaydaları istəmsiz şəkildə yadda saxlayacaqsınz.
6-Söz bazanızı genişləndirin
Hər hansısa bir dildə söz bilmədən danışmaq mümkündür? Təbii ki xeyr. İstənilən formada ünsiyyət qurmaq üçün söz bazanız olmalıdır və bu amili gözardı etmək mümkün deyil. Söz bazasını artırmaq üçün sözləri tək halda əzbərləmək həm darıxdırıcı ola, həm də bu sözlərin yadınızdan asanlıqla çıxmasına səbəb ola bilər. Bunun əvəzinə, sözləri ifadə daxilində öyrənərək dərhal cümlələrdə işlədə bilərsiniz. Sözün dilimizə birbaşa tərcüməsindən daha çox onların ingilis dilində mənalarını oxumağa üstünlük verir. Bu, sizin ingilis dilində düşünə bilmə bacarığınızı inkişaf etdirəcək.
7-Davamiyyətə önəm verin
Yuxarıda sadalanan özəlliklərin inkişafı və verilən tövsiyyələrin təsirinin olması üçün fəaliyyətinizin davamlı olmasını təmin etməlisiniz.Dil öyrənərkən 1 gün prosesə vaxt ayırıb 2 gün heç məşğul olmasanız hədəfinizə istədiyiniz müddətdə çatmağınız mümkünsüzdür. Sözügedən bacarıqların inkişafı üçün hər gün ingilis dilinə vaxt ayırmalısınız. Az öncə qeyd olunduğu kimi, onu həyatınızın bir hissəsinə çevirməlisiniz.