İngilis dilini öyrənmək və bu dildə səlis danışmaq bir çox insana çətin, hətta imkansız kimi görünə bilər. Bunun səbəbi isə çox vaxt doğru metodların seçilməməsi və səbrsiz yanaşma olur. Lakin, düzgün yanaşma, məqsədyönlü planlama və davamlı çalışma vasitəsilə ingilis dilində özgüvənli şəkildə danışmaq mümkündür. Unutmayın ki, dil öyrənmək bir prosesdir və bu prosesdə əsas uğur faktoru ardıcıllıq, motivasiya və səbrli olmaqdır. Bu bloqda siz ingilis dilində danışıq bacarıqlarınızı inkişaf etdirmək üçün hansı addımları atmalı olduğunuzu və bu yolda nələrə diqqət etməli olduğunuzu öyrənəcəksiniz.
Məqəsədinizdən əmin olun
Xarici bir dili öyrənməyə başlayarkən, ilk olaraq bu dili nə üçün öyrənmək istədiyinizi dərk edin. İngilis dilini karyerada yüksəliş, xaricə səyahət zamanı istifadə etmək, fərqli mədəniyyətlərlə tanışlıq, hər hansı beynəlxalq imtahana hazırlıq və ya digər məqsədlər üçün öyrənmək istəyə bilərsiniz. Məqsədinizi təyin etmək öyrənmə müddətində sizin üçün motivasiya rolunu oynayaraq, prosesi davamlı və effektiv hala gətirəcəkdir.
Kiçik hədəflər qoyun
Hər böyük uğur kiçik addımlardan başlayır. Dil öyrənməyə gəldikdə, başlamaq üçün özünüzə əlçatan və konkret hədəflər təyin etmək çox vacibdir. Məsələn, “Bir həftə ərzində 20 yeni söz öyrənəcəyəm” və ya “Gündəlik 5 dəqiqə İngilis dilində qısa cümlələr quracağam” kimi məqsədlər müəyyənləşdirə bilərsiniz.
Bu kiçik uğurlar sizdə motivasiya yaradacaq və daha böyük hədəflərə çatmaq üçün enerji verəcək. Əlavə olaraq, bu yanaşma sizdə irəliləyiş hissi yaradacaq və özünüzə güvən hissinizi artıracaq. Əgər böyük hədəflər qoyub dərhal nəticə əldə edə bilməsəniz, məyus olmaq ehtimalınız daha yüksəkdir. Odur ki, səbirli olun və kiçik addımlarla davam edin.
Səhvlərdən qorxmayın
Bir çox insan səhv etmə qorxusu səbəbindən ingilis dilində danışmaqdan çəkinir. Halbuki, səhvlər öyrənmə prosesinin təbii bir hissəsi olub, inkişafınızda danılmaz rol oynayır. İngilis dili öyrənərkən buraxdığınız səhvlərə müsbət yanaşmağa çalışın. Hər səhv sizin üçün bir dərsdir və növbəti dəfə səhvinizi düzəltmək üçün bir fürsət yaradır. Unutmayın ki, heç bir öyrənmə prosesi səhvsiz başa çatmır və heç kəs dil öyrənərkən səhvsiz irəliləmir. Əlavə olaraq, səhvləriniz barədə geridönüş ala biləcəyiniz bir mühitdə olmaq (məsələn, müəllim və ya təcrübəli bir dostla işləmək) öyrənmə prosesinizi daha da sürətləndirə bilər.
İngilis dilini həyatınızın bir parçasına çevirin
Bir dili dərindən öyrənmək üçün onu həyatınızın bir hissəsinə çevirməyiniz vacibdir. Yalnız kitab və digər materiallarla məhdudlaşaraq ingilis dili öyrənmək bir müddət sonra sizin üçün darıxdırıcı bir məsuliyyət halına çevrilə bilər. Məhz buna görə də,İngilis dilini gündəlik fəaliyyətlərinizə daxil etməyə çalışın. Məsələn, sevdiyiniz film və ya serialları ingilis dilində izləyərək səmərəli vaxt keçirə bilərsiniz. Film izləyərkən əvvəlcə subtitrlərdən istifadə edə bilərsiniz, lakin zamanla subtitrləri çıxarıb yalnız dinləməyə fokuslanın. Bundan əlavə, maraq dairənizə uyğun podcastlar dinləmək də sizin üçün faydalı ola bilər. Gündəlik həyata keçirdiyiniz prosesləri ingilis dilində etməyə üstünlük verməlisiniz. Məsələn, hər gün kitab oxuyursunuzsa, ingilis dilində kitab oxumağa başlaya bilərsiniz. Sosial media kanallarında video izləyir, məqalələr oxuyursunuzsa, bundan sonra məzmunu ingilis dilində təqdim edən kanalları izləyə bilərsiniz. İnternetdə hər hansı bir məlumat axtararkən, axtarışınızı ingilis dilində həyata keçirməyi yoxlamağınız da faydalı ola bilər.
Beyninizi ingilis dilinə alışdırmaq üçün həyatınızın bir qismini bu dilə uyğunlaşdırmalısınız. Bir müddət sonra ingilis dilində daha rahat anladığınızı və özünüzü daha yaxşı ifadə edə bildiyinizi müşahidə edəcəksiniz. Bu isə sizin danışıq barəsində daha özgüvənli olmağınıza gətirib çıxaracaq.
Dinləməyə önəm verin
Dinləmə bacarığı İngilis dilində sərbəst danışmaq üçün ən vacib elementlərdən biridir. İngilis dilini öyrənərkən əsasən dinləmə bacarığınızı inkişaf etdirməyə fokuslanmalısınız. Nə qədər çox dinləsəniz, dili anlama qabiliyyətiniz bir o qədər yaxşılaşar. Bunun üçün:
- Filmlərdən və ya seriallardan səhnələri təkrar dinləyin: Səhnələri izlədikdən sonra, həmin səhnədə istifadə olunan ifadələri təkrar-təkrar dinləyərək tələffüzü və intonasiyanı mənimsəyə bilərsiniz.
- Mahnıları analiz edin: Sevdiyiniz mahnının sözlərini öyrənərək həm dinləmə, həm də söz ehtiyatınızı artırın. Bu, həmçinin ifadələri yadda saxlamağınıza da kömək edəcək.
- Real həyatdan dialoqlar dinləyin: YouTube-da gündəlik dialoqları və ya müsahibələri izləyərək qulaq asma bacarıqlarınızı inkişaf etdirə bilərsiniz.
Dinləmə bacarıqları yaxşılaşdıqca, danışıqda daha axıcı və sərbəst olduğunuzu görəcəksiniz.
Hər gün danışıq üzrə məşq edin
İngilis dili öyrənməyin ən təsirli yollarından biri hər gün danışıq üzrə məşqlər etməkdir. Bunu etmək üçün bir partnyorunuzun olması zəruri deyil, məşq prosesini özünüzlə də həyata keçirə bilərsiniz :
- Aynanın qarşısında danışın: Həm özünüzü görərək, həm də danışaraq inamınızı artıra bilərsiniz. Bu üsul xüsusilə tələffüz və intonasiyanı təkmilləşdirmək üçün faydalıdır.
- Öyrəndiyiniz sözləri cümlələrdə istifadə edin: Yeni öyrəndiyiniz sözləri hər gün müxtəlif cümlələr daxilində işlədin. Sözləri ifadə daxilində öyrənməyiniz tək halda öyrənməkdən daha effektiv hesab olunur. Daha sonra, məşq zamanı bu ifadələri cümlə qurarkən istifadə etməyiniz sözləri daha yaddaqalan hala gətirir.
- Qısa monoloqlar qurun: Gün ərzində baş verənləri və ya planlarınızı ingilis dilində danışmağa çalışın. Bu, gündəlik danışıq dilinizin inkişafına kömək edəcək.
Danışıq üzrə davamlı məşq etdikcə, özünüzü daha rahat hiss edəcək və hər gün irəliləyişinizi görəcəksiniz. Unutmayın, dil öyrənərkən hər gün məşq etməlisiniz.5
Conversation club’lara qatılın
Başqaları ilə ünsiyyət qurmaq ingilis dilində sərbəst danışmaq üçün faydalı ola bilər. Conversation klublarına qatılmaq və ya dil öyrənmə platformalarında tərəfdaş taparaq söhbət etmək özünüzə inamı artıracaq. Bu fəaliyyətlər vasitəsilə:
- Real təcrübə qazanacaqsınız: Kitablarda öyrəndiyiniz nəzəri bilikləri praktiki olaraq tətbiq etmək imkanı əldə edəcəksiniz.
- Sosial mühitdə danışıq təcrübəsi inkişaf etdirəcəksiniz: Müxtəlif insanlarla ünsiyyət quraraq dil bacarıqlarınızı genişləndirə bilərsiniz.
- Maraqlı mövzular haqqında müzakirələr edəcəksiniz: Fərqli mövzular haqqında danışaraq söz ehtiyatınızı və ifadə qabiliyyətinizi zənginləşdirəcəksiniz.
Digər bacarıqlarınızı da inkişaf etdirin
İnkişaf prosesində yazı və oxuma bacarıqlarını da gözardı etməməli və bu iki bacarıq üzrə də məşqləri davam etməlisiniz. Bir dili öyrənərkən bacarıqlarınızı hərtərəfli inkişaf etdirməyiniz dili daha sürətli şəkildə öyrənməyinizə yardım edə bilər. Bundan əlavə, düzgün cümlə qurmaq və səhvsiz danışıq üçün qrammatikaya da nəəzr salmağınız olduqca vacibdir. Bir çox tələbə qrammatikanın sıxıcı və lazımsız olduğunu düşünsə də, danışıqların düzgün anlaşılması və özünü düzgün ifadə üçün qrammatikanı da dnaışığa tətbiq etmək olduqca önəmlidir.
İngilis dilində özgüvənli olmaq üçün əsas olan, davamlı məşqlər və pozitiv yanaşmadır. Kiçik addımlarla başlamaq, səhvlərdən qorxmamaq və dili gündəlik həyatınıza inteqrasiya etmək bu prosesdə ən vacib amillərdir. Özünüzü məcbur etmədən, öyrənmə prosesini maraqlı və əyləncəli bir şəkildə davam etdirərək məqsədinizə daha tez çatacaqsınız. Unutmayın ki, hər bir addım sizi məqsədinizə bir az daha yaxınlaşdırır.