SAT xaricdə, xüsusilə Amerika Birləşmiş Ştatlarında təhsil almaq istəyən tələbələrin akademik bacarıqlarını ölçmək məqsədi ilə keçirilir. İmtahanın nəticəsi bir çox kollec və universitet tərəfindən müraciət prosesində vacib bir faktor kimi nəzərə alınır. SAT, tələbələrin riyaziyyat və oxuma-yazma bacarıqlarını ölçərək onların təhsil həyatına uyğunluq dərəcəsini qiymətləndirmək üçün istifadə olunur.
Digital SAT daha əvvəl kağız üzərində keçirilən ənənəvi SAT`ın rəqəmsal formasını təmsil edir.Yeni rəqəmsal SAT ənənəvi ilə müqayisədə daha sürətli əldə olunan nəticələr, daha sıx keçirilən imtahanlar və onlayn alətlər də daxil olmaqla bir sıra üstünlüklər təklif edir.
İmtahan tərkibi və müddəti
Ümumilikdə 2 saat 14 dəqiqədən ibarət bu imtahan iki hissədən: oxuma-yazma və riyaziyyat bölmələrindən ibarətdir. Hər bölmə 2 moduldan ibarət olub, asandan çətinə doğru düzülmüş suallardan ibarətdir.
Oxuma və yazma bölməsi
Ümumi imtahan müddətinin 64 dəqiqəsini təşkil edən bu bölmə 54 sualdan ibarətdir. Oxumayla bağlı suallar tələbələrin oxuyub anlama, lüğət bilikləri, mətnlərin strukturu və məzmununu qiymətləndirmə və s. kimi bacarıqlarını test edir.Bölmənin yazı bacarıqlarına həsr olunmuş sualları sizdən mətn parçalarını oxumaq, onları analiz etmək, səhvləri taparaq onları düzəltmək və s. kimi fəaliyyətləri həyata keçirməyinizi tələb edə bilər.Oxuma və yazma bölməsinə aid suallar ümumilikdə 4 kateqoriyaya məxsus olur:
Məlumat və fikirlər: Mətn və infografikalardan əldə olunan bilgilərin aşkarlanaraq şərh olunması və dəyərləndirilməsi
Sənət və quruluş: Akademik mətnlərdə istifadə olunan söz və ifadələrin mətn daxilində necə istifadə edildiyinin başa düşülməsi və əlaqəli mətlər arasında məntiqi bağlantıların qurulması
Fikirlərin ifadəsi: İstifadə olunan ifadələrin effektivliyini artırmaq üçün analiz bacarıqları və biliklərdən istifadə olunması.
Standart ingilis dili qaydaları: Mətnlərin ingilis dilində standart cümlə quruluşu qaydalarına uyğun düzənlənməsi
Yuxarıdakı kateqoriyalara xitab edən mətnlər 25-150 söz aralığında olub, ədəbiyyat, humanitar elmlər, tarix və s. kimi elm sahələrini əhatə edir.
Riyaziyyat bölməsi
Riyazi bacarıqların yoxlandığı bu bölmə 44 sualdan ibarət olub ümumi imtahan müddətinin 70dəqiqəsini təşkil edir.Bölmə hər biri 35dəqiqə və 22 sualdan ibarət 2 modula bölünmüşdür.Tələbələrin riyazi düşünmə, problem həlli və analiz bacarığını qiymətləndirmək məqsədli suallardan ibarət bu bölmə riyaziyyatın aşağıdakı əsas istiqamətlərinə yönəlmişdir:
-Cəbr
-Qabaqcıl riyaziyyat
-Problem həlli və məlumatların təhlili
-Həndəsə və triqoniometriya
Bölmənin hər modulunda yerləşdirilən suallar yuxarıdaki 4 kateqoriyanı əhatə edir və asandan çətinə doğru düzülmüşdür.
Qeyd olunan iki bölmə arasında 10 dəqiqə fasilə mövcuddur ki, bu müddət ərzində tələbələr fikirlərini yenidən toplaya və imtahana daha yaxşı fokuslana bilər.
Digital SAT balları və dəyərləndirmə
İmtahanın maksimal balı 1600 olub, iki bölmə arasında bərabər şəkildə bölünmüşdür. Yəni, hər bölmə üzrə bacarıqların qiymətləndirilməsi 800 bal üzərindən aparılır. İmtahan üçün ortalama bal 1050 hesab olunur və bu baldan yüksək nəticə toplayan tələbələr ortalamanın üzərində performans göstərmiş olurlar.
Hər bir tələbə hansı balın onun üçün yaxşı hesab olunacağı barəsində düşünür. Hər hansı balı hədəf olaraq təyin etmək üçün, müraciət etmək istədiyiniz universitetlər və onların qəbul şərtləri barəsində ətraflı məlumat əldə etməlisiniz. Bundan əlavə universitetə qəbul olmuş digər tələbələrin ortalama ballarına da fikir verin. Araşdırma zamanı müxtəlif resurslardan itsifadə edə və ya xaricdə təhsil mərkəzlərindən də dəstək ala bilərsiniz.
İmtahana hazırlıq müddəti
İmtahana hazırlıq müddətindən öncə qeyd olunmalı önəmli bir nüans var ki, o da sizin karyera planlamanızla bağlıdır. Əslində, hazırlıq mərhələsi elə buradan başlayır. İlk olaraq təhsil və karyeranızla bağlı gələcək hədəflərinizi gözdən keçirərək Digital SAT imtahanın məqsədlərinizlə uyğunlaşıb uyğunlaşmadığdan əmin olmalısınız. İmtahana hazırlıq müddəti ciddiyət və istək tələb etdiyi üçün, uğurlu nəticə əldə etmək istəyən hər bir tələbə nə istədiydən əmin olaraq yola çıxmalıdır. Hazırlıq müddəti boyunca nəzərə alınmalı bir neçə faktor var ki, bu faktorlar uğur yolunda sizə dəstək olacaqdır:
Araşdırma və hədəf təyini
Müraciət etmək istədiyiniz universitetlər, onların yerləşdiyi şəhərlər, qəbul şərtləri və s. haqqında ətraflı araşdırmalar edərək hədəf təyin etmək uğurlu nəticəyə doğru daha məqsədli şəkildə addımlamağınza yardım edəcək.
Davamiyyət və planlı çalışma
İstənilən fəaliyyətdə olduğu kimi, SAT imtahanında da uğurlu nəticə əldə etmək üçün planlı şəkildə çalışmaq olduqca önəmlidir. Planlı olmaq hər zaman sizə doğru yolu göstərəcək və hədəfinizə çatmağı asanlaşdıracaqdır. Unutmamaq lazımdır ki, davamlı çalışmaq da ən az planlılıq qədər önəmlidir. Hazırlıq müddəti boyunca davamlı şəkildə imtahan strukturuna uyğun suallar işləmək, riyazi və oxuma-yazma bacarıqları üzərində məşq etmək sizin uğurunuz üçün ən əsas faktordur. İmtahana qeyri-ciddi yanaşma və davamsızlıq uğurun bir nömrəli düşməni hesab oluna bilər.
Dəstək
Hazırlıq müddətində tələbələr daim araşdırmağa və öyrənməyə meyilli olmalı, müxtəlif resurslardan yararlanmağ çalışmalıdırlar. Onlar həmçinin,bacarıqlarını imtahan strukturuna uyğun şəkildə inkişaf etdirmək, qarşılaşdıqları çətinlikləri dəf etmək, müəyyən proqram daxilində daha disiplinli şəkildə hazırlaşmaq istədikləri halda təhsil mərkəzlərindən də dəstək ala bilərlər.
Sınaq imtahanları
İmtahan mühitinə adaptasiya olmaq, əldə olunan bilik və bacarıqların imtahan zamanı effektiv şəkildə istifadəsini öyrənmək üçün, sınaq imtahanlarında iştirak etmək olduqca zəruridir. Sınaq imtahanında siz ingilis dili və riyazi biliklərinizi təkmilləşdirməklə yanaşı, imtahan üçün zəruri olan digər bacarıqları da, məsəslən, stressin və vaxtın idarə olunması, çeviklik və s. kimi bacarıqlarınızı da təkmilləşdirmiş olursunuz.Sınaq imtahanları imtahan həyəcanınızı məğlub etmək üçün ən effektiv yoldur.
İmtahandan öncə və imtahan vaxtı
Zəhmətlə başa vurulan hazırlıq prosesinin sonunda hər bir tələbəni imtahan günü gözləyir ki, həmin günün uğurla başa vurulması üçün tələbələr imtahandan öncə bir neçə qaydaya əməl etməlidir:
- Gecə boyu dərs oxumağın və yuxusuz qalmağın zehninizi yoracağını nəzərə alaraq, fəaliyyəti dayandırmalı və istirahət etməlisiniz. Zehninizin keyfiyyətli bir yuxuya ehtiyacı olacaq.
- Digital SAT imtahanı hər bir ölkədə müxtəlif imtahan mərkəzlərində keçirilə bilər. Buna görə də, imtahanın vaxtı və keçiriləcəyi yer barəsində məlumatlı olmağa diqqət edin.
- İmtahan üçün zəruri olan hər şeyi özünüzlə götürdüyünüzdən əmin olun.Zəruri əşyalar və həyata keçirilməli olan zəruri proseslərlə bağlı sizə verilən məlumatları diqqətlə nəzərdən keçirirərək, hər birinin tam olmasından əmin olun.
İmtahana hazırlıq mərhələsi qədər, imtahan vaxtı həyata keçirilən proseslər də olduqca önəmlidir. İmtahan vaxtı əməl etməli olduğunuz bir neçə qayda barəsində məlumatlı olmaqda fayda var:
- Kifayət qədər dil biliyinə və riyazi bacarıqlara sahib bir tələbə imtahan zamanı vaxtı düzgün bölüşdürməyə və ya həyəcana qapılaraq özünü itirə bilər ki, bu halın nə ilə nəticələnəcəyini asanlıqla təxmin edə bilərik. Sualları işləyən zaman vaxtı düzgün bölüşdürməli və həll edə bilməyəcəyiniz suallar qarşılaşdığınız zaman panikaya qapılmamalısınız.
- İmtahan boyu suallara fokuslanaraq düzgün strategiya əsasında onları cavablamaq imtahanın taleyi üçün həlledici rola malikdir. Səhv cavabların düzgün cavab sayına təsir etmədiyini nəzərə alaraq sualları diqqətli şəkildə cavablandırmağa diqqət edin.
- İki bölmə arasında sizə verilən 10 dəqiqə fasilə müddətini ehtiyaclarınızın qarşılanması, yenidən fokuslanma və enerji bərpası üçün istifadə edə bilərsiniz.
Bu proseslərin həyata keçirilməsi imtahan nəticəsinə birbaşa təsir etdiyi üçün, hazırlıq mərhələsində bu nüansların bir qismi barəsində öncədən tədbir almaqda fayda var.
İmtahandan sonra
İmtahan bitdikdən sonra nəticənizə uyğun şəkildə universitetlərə müraciət edə və ya nəticənizdən məmnun qalmadığınız halda SAT imtahanında yenidən iştirak edə bilərsiniz. Müraciət prosesində balınızı düzgün dəyərləndirmək üçün, bu sahə üzrə ixtisaslaşmış şəxs və ya təhsil mərkəzləri ilə əməkdaşlıq edə bilərsiniz.
Digər amillər
Unutmamalıyıq ki, Digital SAT imtahanının nəticəsi xarici universitetlər tərəfindən nəzərdən keçirilən faktorlardan yalnız biridir. Yəni, imtahan nəticəniz nə qədər yaxşı olursa olsun, müraciət zamanı digər kriteriyalara cavab vermədiyiniz halda, müraciətiniz yüksək səviyyədə qiymətləndirilməyəcəkdir. Digər faktorlkar dedikdə ,namizədlərin qiymətləri, dərsdən kənar fəaliyyətləri və müraciət zamanı təqdim etdikləri məqalə və.s kimi faktorlar nəzərdə tutulur.
Rəqəmsal SAT tələbələrə daha çevik, rahat və sürətli qiymətləndirmə təklif edən bir sistemə malikdir. Yeniliyə əsaslanan bu imtahan sistemi və ümumi hazırlıq prosesi haqqında ətraflı məlumat almaq üçün bizimlə dərhal əlaqəyə keçə bilərsiniz.
Əlaqə nömrəsi: +994 51 773 84 89