SAT imtahanında yalnız bilik deyil, həm də vaxtdan necə istifadə etdiyiniz böyük əhəmiyyət daşıyır. İmtahanın strukturu tələbələrin həm akademik biliklərini, həm də məhdud zaman çərçivəsində düşünmə və qərarvermə bacarıqlarını yoxlayır. Vaxt idarəetməsi iştirakçıların test suallarını tamamlamaq qabiliyyətinə birbaşa təsir göstərir. Xüsusilə Reading and Writing (Oxu və Yazı) bölməsində sürətli oxuma və mətn anlama bacarığı ön plana çıxır. Math (Riyaziyyat) bölməsində isə məntiqi yanaşma və hesablama sürəti həlledici rol oynayır. Bu səbəbdən SAT imtahanı həm intellektual hazırlığı, həm də zamanın düzgün bölüşdürülməsi bacarığını tələb edən kompleks bir qiymətləndirmə sistemi hesab olunur.
Bölmələr haqqında ümumi məlumat
Reading and Writing bölməsi iki moduldan ibarətdir, hər modul 32 dəqiqə davam edir və ümumilikdə 64 dəqiqə vaxt ayrılır. Hər modulda 27 sual var, yəni cəmi 54 sual olur. Bu isə hər sual üçün təxminən 1 dəqiqə vaxt deməkdir. SAT adaptiv imtahandır: ilk modulda müxtəlif səviyyəli suallar qarışıq təqdim olunur və nəticənizə görə ikinci modul daha asan və ya çətin olur. Real imtahanda 32 dəqiqə tamam olmadan ikinci modul açılmır. Sınaq testlərində bölmələr arasında erkən keçid imkanı olsa da, imtahana hazırlıq zamanı bunu etmək tövsiyə olunmur. İki modul arasında fasilə verilmir, yalnız bütün Reading and Writing bölməsi bitdikdən sonra Math bölməsinə keçid etməzdən əvvəl fasilə olur.
Riyaziyyat bölməsi 70 dəqiqə davam edir və ümumilikdə 44 sualdan ibarətdir. Bu suallar iki modul üzrə bölünür: hər modulda 22 sual və 35 dəqiqəlik vaxt ayrılır. Orta hesabla hər suala təxminən 95 saniyə, yəni 1 dəqiqə yarım vaxt düşür. Lakin bu sərt qayda deyil, yəni, bəzi suallar daha az, bəziləri isə daha çox vaxt tələb edə bilər. Riyaziyyat bölməsi də adaptivdir: ilk modulda qarışıq səviyyəli suallar təqdim olunur və nəticəyə əsasən ikinci modul asan və ya çətin olur. Rəsmi imtahanda 35 dəqiqə tamam olmadan ikinci modul açılmır, sınaq testlərində isə keçid mümkündür. Bununla belə, mütəxəssislər bütün vaxtdan səmərəli istifadə etməyi məsləhət görürlər. İki Riyaziyyat modulu arasında fasilə verilmir. Qısa fasilə yalnız Reading and Writing bölməsinin sonunda, riyaziyyatın birinci modulundan əvvəl olur. Gəlin hər iki bölmə üzrə effektiv vaxt idarəsi üçün aşağıdakı strategiyalara nəzər salaq :
İmtahanda düzgün vaxt idarəsi üçün strategiyalar
Asan suallarda vaxt qazanın. Bəzi suallar daha çox oxuma tələb edir və bəzən bu prosesi ləngidə bilər. Əgər hansısa sual tipini daha tez həll edə bilirsinizsə, bu sürəti saxlayaraq çətin suallara əlavə vaxt ayıra bilərsiniz.
Təxmin etmə üsulundan istifadə edin. Cavab variantlarını oxumadan əvvəl ağlınızda düzgün cavab üçün təxmin formalaşdırmağa çalışın. Daha sonra həmin proqnoza ən çox uyğun gələn variantı seçin. Bu üsul əksər hallarda vaxta qənaət edir və düzgün cavab tapmaq şansınızı artırır.
Eliminasiya metodundan istifadə edin. Təxmin edə bilmədiyiniz və ya uyğun cavab tapa bilmədiyiniz halda, variantları oxuyun və səhv olduğunu düşündüklərinizi ardıcıl olaraq kənarlaşdırın. Əgər üç cavabı ata bilsəniz, qalan variantdan ən yaxşı ehtimalınızı seçə bilərsiniz.
Özünüzü ikinci dəfə şübhə altına almayın! Daxili hissinizə güvənin. Əgər hər hansı sual sizə “çox asan” və ya “çox aydın” görünürsə, narahat olmayın. Xüsusilə kifayət qədər məşq etmisinizsə, ilk instinktiniz çox vaxt düzgün olur.
Hər modulun sonunda cavablarınızı yoxlamağa vaxt saxlayın. Əgər hər hansı su alda ilişib qalırsınızsa, ən yaxşı ehtimalınızı seçin və davam edin. Modulun sonunda geri qayıdıb həmin sualı yenidən nəzərdən keçirə bilərsiniz. Unutmayın ki, Digital SAT imtahanında modul daxilində, həmin modulun vaxtı bitənə qədər suallara geri qayıtmaq mümkündür. Modulun vaxtı başa çatdıqda isə həmin modul bağlanır və suallara yenidən baxmaq, dəyişiklik etmək olmur.
Şübhəli qaldığınız sualları “yenidən baxış” üçün işarələyin. Bluebook™ tətbiqində sualı yoxlamağa işarələmə funksiyası var. Modulun sonunda bütün işarələdiyiniz suallar qeyd olunacaq və siz onlara qayıdaraq cavabınızı yenidən yoxlaya biləcəksiniz. Bu üsul xüsusilə Reading suallarında faydalıdır, çünki cavabın mətndə dəstəklənib-dəstəklənmədiyini yoxlamaq mümkündür.
Heç bir sualı boş buraxmayın! SAT-da səhv cavablara görə bal çıxılmır. Buna görə də, hətta cavabı bilməsəniz belə, mütləq variant seçin. Əgər sualı işarələyib sonradan qayıtmaq istəyirsinizsə də, ilkin mərhələdə cavab yazın. Vaxt bitərsə, heç olmasa ehtimal əsasında seçdiyiniz cavab qeyd olunmuş olacaq.
Sınaq testlərində ikinci modulun vaxtından əvvəl açılmasına icazə verməyin! Təcrübə testlərində birinci modul bitməmiş ikinciyə keçmək mümkündür. Amma real imtahanda bu seçim olmayacaq. Buna görə də, əgər birinci modulu vaxtından əvvəl bitirmisinizsə, artıq vaxtı real imtahanda olduğu kimi istifadə edin: sualları yenidən nəzərdən keçirin və cavablarınızı yoxlayın.

